Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Rüstəm Eminlinin xatirəsi ehtiramla anıldı.

01 noyabr 2021 | 16:00

Noyabrın 1-də Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük İkinci Qarabağ müharibəsində doğma torpaqlarımızın hər qarışı uğrunda son damla qanınadək döyüşərək əsl qəhrəmanlıq nümunəsi göstərən Şəhidimiz Eminov Rüstəm Mais oğlunun il mərasimi keçirildi. Mərasimdə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon şöbəsinin rəisi, aparatının məsul əməkdaşları və KİV nümayəndələri iştirak etdi. Şəhidimiz anım günündə məzarı ziyarət olunmuş, önünə gül dəstələri düzülərək dualar oxunmuş, ruhu böyük ehtiramla yad edilmişdir.  Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov torpaqlarımızın işğaldan azad edilməsində, möhtəşəm qələbənin qazanılmasında misilsiz şücaət göstərən Rüstəm Eminliyə və onun timsalında bütün Şəhidlərimizə Allahdan rəhmət diləmiş və bildirmiş ki, Şəhidlərimizin əzmi, iradəsi, qəhrəmanlığı sayəsində 30 illik həsrətə son qoyulub, düşmən tapdağında olan torpaqlarımız azad olunub. Bu gün Şəhidlərimizin evi ziyarətgah yerimiz, fəxrlə açacağımız qapı və bir ömür boyu unutmayacağımız ünvandır.

Rüstəm Eminli 16 sentyabr 1999-cu ildə Yardımlı rayonunun Horonu kəndində anadan olmuşdur. 15 oktyabr 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon şöbəsi tərəfindən hərbi xidmətə çağrılmış, Vətən Müharibəsində iştirak etmiş və noyabrın 1-də Şuşa uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən Uğrunda”, “Füzulinin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə" , “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Keçidlər